Logo

LDU-nun rektoru Natiq İbrahimovun Zəfər günü münasibətilə təbriki

05.11.2021 10:37 1537 baxış
IMG

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun  Zəfər günü  münasibətilə  
Təbriki
Əziz tələbələr, hörmətli professor-müəllim-işçi heyəti,dəyərli valideynlər, məğlubedilməz  Azərbaycan xalqı! 
Bu  gün Azərbaycan  öz tarixinin ən şərəfli, sevincli günlərini-Zəfər gününün  bayram ovqatını  yaşayır.  Ötən ilin bu vədəsində  Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında  əzəli  dədə-baba  torpaqlarımızı  işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzalamağa məcbur oldu, xalqımız tarixi Zəfərini qazandı.
Ölkə başçısı  cənab İlham Əliyev  qazanılan Zəfəri bütün xaqlqın qələbəsi kimi dəyərləndirir: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin  qələbəsini təmin edən mühüm amillər oldu. Ulu  əcdadlarımızın  zəngin dövlətçilik və hərb tarixindən  ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq  salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün  dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini  göstərdi. Azərbaycan tarixi  torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Bu tarixi qələbə-böyük  Zəfər  günü   münasibətilə   LDU ailəsini, bütün xalqımızı ürəkdən təbrik edirəm!
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
Qarabağ  Azərbaycandır! Yaşasın Azərbaycan!

Xəbər lenti